Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı

Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu vardır.
Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir.
Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur.
Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası məqsədilə
 
QƏRARA ALIRAM:
 
1. 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilsin.
2. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunsun.
3. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.
4. Müəyyən edilsin ki:
4.1. dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir;
4.2. hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq edir;
4.4. ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:
5.1. 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq etsin;
5.2. sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və sonrakı üç tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulu proqnozunun təsdiq olunmasını təmin etsin;
5.3. ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının iki ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirliklərinə tapşırılsın ki, xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini özündə əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılsın ki:
7.1. 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qəbul qaydalarında bu Fərmandan irəli gələn dəyişiklikləri aparsın və digər zəruri tədbirləri həyata keçirsin;
7.2. dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin vahid elektron məlumat bazasının yaradılmasını və zənginləşdirilməsini təmin etsin.


 
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
10 fevral 2010-cu il.