Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 15 aprel tarixli 108 nömrəli Qərarının icra olunması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2015-ci il 15 aprel tarixli 108 nömrəli qərarını rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 15 aprel tarixli 108 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

          2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, şəhər (rayon) təhsil idarə və şöbələrinin, Nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri tabeliklərində olan, eləcə də rəhbərlik etdikləri ümumi təhsil müəssisələrində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə 2015-ci ilin fevral ayından hesablanmaqla uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinətin ödənilməsini təmin etsinlər.

3. İqtisadiyyat şöbəsi (Rauf Orucov) Nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan mərkəzləşdirilmiş xərclərdən maliyyələşən ümumi təhsil müəssisələrində evdə təhsilə cəlb olunanların nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinətlərin ödənilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.

4. İnformasiya şöbəsinin müdiri (Elnur Əliyev) əmrin çoxaldılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, şəhər (rayon) idarə və şöbələrinə, eləcə də Nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavininə (Ceyhun Bayramov) həvalə edilsin.

 

Mikayıl CABBAROV, 

Azərbaycan Respublikasının təhsil naziri 

13 may 2015-ci il 

№557