Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə 
 
QƏRARA ALIRAM:
 
1. Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 100 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 60 manat müəyyən edilsin.[1]
Bu bəndin birinci abzasında müəyyən edilmiş fəxri adlara görə aylıq təqaüdlərin məbləğləri "Azərbaycan Respublikasının fəxri adları haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli fərmanının 2-ci bəndinə müvafiq olaraq həmin fərman imzalandığı günə qədər verilmiş və Azərbaycan Respublikasının fəxri adları hesab edilmiş fəxri adlar barəsində də tətbiq edilir.[2]
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
3. Bir neçə fəxri ada layiq görülmüş şəxsə bu Sərəncamın 1-ci bəndi ilə müəyyən edilən aylıq təqaüdün yalnız biri, ən yüksəyi verilir.[3]
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam 2005-ci il avqustun 1-dən qüvvəyə minir. 
 
İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 4 iyul 2005-ci il
№ 878