Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.27-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 
 
QƏRARA ALIR:
 
1. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilsin.[1]
1-1. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əməkhaqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödənilsin.
1-2. 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əməkhaqqına əlavə ödənilsin.
2. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
3.1. hər il iyul ayının 1-dən gec olmayaraq, növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək kontingentin sayını müəyyənləşdirsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq məlumat təqdim etsin;
3.2. gənc mütəxəssislərin dövlət sifarişinə uyğun real tələbat olan ümumi təhsil müəssisələrinə göndərilməsi, onlardan səmərəli istifadə edilməsi və tələbatın ödənilməsi istiqamətində əməli tədbirlər görsün.
4. Bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin dövlət büdcəsinin "Yerli xərclər"inin "Təhsil xərcləri" bölməsinin müvafiq xərc yarımmaddələri hesabına ödənilməsi təmin edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında" 2004-cü il 22 iyun tarixli, 85 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 500; 2006-cı il, № 4, maddə 376) və "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyun tarixli, 85 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006-cı il 17 aprel tarixli, 107 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 376) qüvvədən düşmüş hesab edilsin.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
 

Azərbaycan Respublikasının Baş naziri 
Artur Rasi-zadə
Bakı şəhəri, 14 aprel 2010-cu il
                  № 67