Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) maliyyələşdirilməsi məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyası ilə imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinin 1-ci Əlavəsinin (Layihənin Təsviri) B Hissəsinin (Müəllimlərin ixtisasartırma təhsilinin müasirləşdirilməsi) 1-ci bəndinə və TSİİL-in 2-ci komponentinin İcra Planına uyğun olaraq, 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərinin ibtidai, V-VII siniflərində dərs deyəcək və indiyədək kurikulum təlimlərindən keçməyən müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini  rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərinin ibtidai, V-VII siniflərdə dərs deyəcək və indiyədək kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə 60 akademik saatlıq təlim kursları təşkil edilsin.
2. Nəzərə alınsın ki:
2.1. Naxçıvan MR-də fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları yerli mütəxəssislər tərəfindən aparılır.
2.2. Respublikanın şəhər və rayonlarında təlim kursları TSİİL çərçivəsində keçirilmiş tenderlər nəticəsində ibtidai siniflər və V-VII siniflərdə tədris olunan fənlər üzrə bu təlimləri keçirmək hüququ qazanmış təşkilatlar tərəfindən aparılır (siyahı əlavə olunur).
2.3. Bilavasitə Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin ibtidai, V-VII siniflərində dərs deyəcək fənn müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin həmin kateqoriyadan olan müəllimləri isə məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunurlar.
2.4. Təlim kursunu müvəffəqiyyətlə  başa vurmuş müəllimlərə Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sertifikat verilir.
2.5. 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərinə yeni işə qəbul olunan ibtidai və V-VII siniflərdə dərs deyəcək müəllimlər üçün əlavə qruplar yaradılmaqla təlim kursları keçirilir.
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
3.1. Təhsil şöbəsinin (idarəsinin) təlim kurslarının keçirilməsi üzrə əlaqələndiricinin və kurs keçirilən məktəblərə təhkim olunan əməkdaşların siyahısını əmrlə təsdiq etsinlər və səalahiyyətlərini müəyyənləşdirsinlər.
3.2. İbtidai siniflər və V-VII siniflərdə tədris olunan fənlər üzrə təlim kurslarını həyata keçirən təşkilatla birlikdə keçiriləcək kursların cədvəlini tərtib etsinlər, məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş məktəblərdə lazımi şəraitin yaradılmasını, hər bir təlim otağının zəruri texniki vasitələrlə (kompyuter, proyektor) təchiz olunmasını təmin etsinlər.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri:
4.1. Təlim dili göstərilməklə kurslara cəlb olunacaq müəllimlərin siyahısını yekun variantda dəqiqləşdirib təsdiqləsinlər.
4.2. Təlim kursları başa çatdıqdan sonra təlim keçirən təşkilatlarla təhvil-təslim sənədləşməsini həll etsinlər və təlimlərin nəticələri barədə Nazirliyə hesabat təqdim etsinlər.
5. Məcburi köçkün rayonlarının təhsil şöbələri ibtidai, V-VII siniflərdə dərs deyəcək və indiyədək kurikulum təlimlərindən keçməyən müəllimlərin işlədikləri ümumtəhsil məktəblərinin yerləşdiyi ərazilər üzrə təşkil olunan təlim kurslarında müntəzəm iştirakına ciddi nəzarət etsinlər.
6. Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov) təlim kurslarının monitorinqinin həyata keçirilməsi üçün şöbənin əməkdaşlarının respublikanın rayon və şəhərlərinə ezam olunmasını və monitorinqin nəticələrinə dair arayış hazırlanıb rəhbərliyə təqdim edilməsini təmin etsin.  
7. İnsan resursları şöbəsi (F.Qədirov), TSİİL üzrə əlaqələndirici qrupun direktoru (E.Rüstəmov) təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında təhsil orqanlarına və təlimləri keçirən təşkilatlara əməli köməklik göstərilməsi üzrə müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etsinlər.
8. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əmrin əlavəsi ilə birlikdə çoxaldılıb təhsil orqanlarına göndərilməsini, təlim kurslarının nəticələrinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə olunsun.
Əsas: TSİİL - in   maliyyələşdirilməsi    məqsədilə    Beynəlxalq   İnkişaf Assosiasiyası ilə imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişi və Layihə üzrə 2-ci komponentin İcra Planı                
 
 
Mikayıl Cabbarov, 
Azərbaycan Respublikasının təhsil naziri 
8 avqust 2014-cü il 
№ 871

 
Əlavə: