Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2016-cı ildə ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq
 

ƏMR EDIRƏM:
 

1. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. 2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).

3. İnsan resursları şöbəsinə (İ.Nağıyev) tapşırılsın ki:

3.1. işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını təmin etsin;

3.2. ümumi təhsil müəssisələrində və peşə liseylərində olan vakant yerləri müəyyənləşdirərək 01.06.2016-cı il tarixədək müsabiqə üçün elan verilməsini təmin etsin;

3.3. müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) dəyişməsi üzrə 01-12 iyun 2016-cı il tarixlərində, müəllimlərin işə qəbulu üzrə 01-17 iyul 2016-cı il tarixlərində elektron ərizələrin qəbulunu təşkil etsin;

3.4. müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı müsabiqələrin nəticələrinin Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

4. Daxili nəzarət şöbəsi (K.Quliyev) müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsin.

5. Yerli təhsili idarəetmə orqanlarına tapşırılsın ki:

5.1. müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsini 01-10 may 2016-cı il tarixlərində təşkil etsinlər;

5.2. vakant yerlər barədə məlumatların 22 may 2016-cı il tarixinə kimi proqram təminatına daxil edilməsini təmin etsinlər;

5.3. müsabiqə nəticəsində iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını 15.09.2016-cı il tarixinə kimi təmin etsinlər;

5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin vaxtında verilməsini təmin etsinlər;

5.5. Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında 20.09.2016-cı il tarixədək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim etsinlər.

6. İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin İnternet saytında bu əmrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini təmin etsin.

7. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydalar”nın təsdiq edilməsi barədə” Təhsil Nazirliyinin 29.04.2015-ci il tarixli 511 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

8. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev) həvalə edilsin.
 

Əsas: İnsan resursları şöbəsinin müdiri İ.Nağıyevin təqdimatı
 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

28 mart 2016-cı il

№165


 

Əlavə:

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları
 

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibi