Naxçıvan MR təhsil nazirinə, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə, ilk peşə-ixtisas təhsili müəssisələrinin, internat məktəblərinin rəhbərlərinə

Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 18 noyabr 2010-cu il tarixli, 123 nömrli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusuna uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnamənin 1.4-cü bəndinə uyğun olaraq respublika uşaq yaradıcılığı müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq, şeir nominasiyaları üzrə keçiriləcəkdir. 
 “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi əlavələrlə birlikdə www.edu.gov.az  internet saytında (təhsil sahələri üzrə bölmələrin “Sənədlər” yarımbölməsində)  verilmişdir.
Müsabiqənin respublika turuna işlər müsabiqənin əsasnaməsinin tələblərinə tam uyğun olmaqla, Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçilməlidir. Rayon turunun qalibləri haqqında məlumatlar 01 aprel 2014-cü il tarixədək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.
“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinə Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim ediləcəkdir.
Müsabiqə ilə əlaqədar tabeliyinizdə olan ümumtəhsil məktəbləri və uşaq yaradıcılıq mərkəzlərini məlumatlandırmağınız, uşaqların bu müsabiqədə fəal iştirakını təmin etməyiniz xahiş olunur.
Müsabiqənin rayon (şəhər) mərhələsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradıb, müvafiq tədbirlər görmək və seçilmiş işlərin vaxtında Fövqəladə Hallar Nazirliynə göndərilməsini təmin etmək, respublika mərhələsinə göndərilmiş işlərin adlı siyahısını məktubla Təhsil Nazirliyinə bildirmək Sizə tapşırılır.         
 
Ceyhun BAYRAMOV,
təhsil nazirinin müavini
13 fevral 2014-cü il.
№ 46-20-845/16