Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attesta-siyasının) aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin (əlavə olunur).

2. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (F.Mustafayev) Hüquq şöbəsi (S.Kazımov) ilə birlikdə bir ay müddətində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların attestasiyasının aparılması, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarının layihələrini hazırlayıb razılaşdırmaq üçün aidiyyəti dövlət orqanlarına göndərsinlər. 

3. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Nazirliyin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılsın ki:

3.1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 dekabr 2016-cı il tarixli 497 nömrəli qərarı nəzərə alınmaqla “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları” barədə pedaqoji kollektivlərin məlumatlandırılmasını və valideynlərə müvafiq izahatların verilməsini təmin etsinlər.

3.2. Görülmüş işlər barədə 1 (bir) ay müddətində Təhsil Nazirliyinə yazılı məlumat versinlər. 

4. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) və Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) yerlərdə buraxılış imtahanlarına hazırlıq işlərinin aparılmasına köməklik göstərilməsini təmin etsinlər.

5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

17 yanvar 2017-ci il

№26