Azərbaycan Dövlət İqtisad Universitetinin baza məktəbi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Müasir dövrdə ümumtəhsil məktəbləri ilə ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığını möhkəmləndirmək, təhsil proqramlarının varisliyini təmin etmək, istedadlı şagirdlərin potensial imkanlarının inkişafında ali məktəblərin professor-müəllim heyətinin rolunu yüksəltmək və  gələcəkdə  iqtisadiyyatın müxtəlif sahələri üzrə  peşəkar səviyyəli kadrların hazırlanmasına etibarlı  dəstək göstərmək zərurətini nəzərə alaraq, “Azərbaycan Respublikası  Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutmaqla

 

ƏMR EDİRƏM:

 

1.  Bakı şəhərindəki  H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyi 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin baza məktəbi hesab edilsin.

2.   Azərbaycan Dövlət İqtisad Universiteti (Ə.Muradov) 2 nömrəli texniki-humanitar  elmlər liseyinin rəhbərliyi ilə birlikdə:

2.1.  qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən edən Fəaliyyət planı hazırlayıb baxılmaq üçün Nazirliyə təqdim etsinlər;

2.2. hər tədris ilinin yekununda görülmüş işlər barədə Nazirliyin rəhbərliyinə hesabatlar təqdim etsinlər.

3. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Ümumi və məktəbəqədər  təhsili şöbəsi (A.Əhmədov), Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin təşkili və həyata keçirilməsində həmin müəssisələrin  rəhbərliyinə lazımi köməklik göstərsinlər.

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

5.  Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Əsas: Azərbaycan Dövlət İqtisad Universitetinin 01.09.2016-cı il tarixli, 010-017-1177/02/2016 nömrəli məktubu.

 

­

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

19 sentyabr 2016-cı il

№616