İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:

- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;

- imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaratsınlar;

- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat versinlər;

2. Elm, ali və orta ixtisas təhsili (Y.Piriyev) və Daxili nəzarət (K.Quliyev) şöbələrinə  tapşırılsın:

- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Nazirliyin rəhbərliyini məlumatlandırsınlar;

- ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

3. Təhsil Nazirliyinin İnformasiya şöbəsi (E.Məmmədov) Nazirliyin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin. Əmr nazirliyin internet saytında yerləşdirilsin.

4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova tapşırılsın.

Əsas: Elm, ali və orta ixtisas təhsili şöbəsinin 2018-ci il üçün iş planı

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

14 may 2018-ci il

№F-354