Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 5 illik akkreditasiya müddətinin 2016-cı ilin iyul ayında bitməsini və Təsisçilər Şurasının 2017-ci ilin iyul ayından Universitetin fəaliyyətinin dayandırılması barədə 29.09.2016-cı il tarixli qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.11.2016-cı il tarixli 724 nömrəli əmri ilə “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun formalaşdırılması üçün 2 ay vaxt verilmişdir.

Qeyd olunanları nəzərə alaraq, “Təfəkkür” Universitetində təhsil alan tələbələrin təhsil hüquqlarının təmin olunması məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

Sədr:

Sülhəddin Gözəlov – Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri;

Üzvlər:

Rahim Hüseynov - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoru;      

Nərgiz Qaraxanova - Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi;

Rəşad Əliyev - Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun aparıcı məsləhətçisi;

Aygün Məmmədzadə - Təhsil Nazirliyinin Hüquq şöbəsinin Normativ-hüquqi təminat sektorunun məsləhətçisi;

Elçin Yusifzadə - Azərbaycan Memarlıq və İnşaat Universitetinin fakültə dekanı;

Rauf Məmmədov - Azərbaycan Texniki Universitetinin dosenti.

2. İşçi qrupuna tapşırılsın ki:

2.1. Universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala və ixtisaslarına uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsin;

2.2. Təhsil Nazirliyindən alınmış diplom və akademik arayış blanklarının saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini araşdırsın, istifadə olunmamış blankların Nazirliyə qaytarılmasını təmin etsin;

2.3. akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlasın;

2.4. tələbələri və onların valideynlərini qəbul edib onalara müvafiq izahatlar versin;

2.5. 2016-2017-ci tədris ilində “Təfəkkür” Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara universitet tərəfindən diplomların verilməsini təmin etsin; 

2.6. “Təfəkkür” Universitetindən təhsillə bağlı aşağıdakı sənədləri Nazirliyin arxivinə vermək üçün təhvil alsın:

- Universiteti bitirmiş, xaric olunmuş və təhsilləri yarımçıq qalmış tələbələrin şəxsi işlərini;

- tələbələrin ali məktəbə qəbul edilmələri, kursdan-kursa keçirilmələri, xaric olunmaları, akademik məzuniyyət verilməsi barədə əmrləri;

- imtahan-məqbul cədvəllərini;

- tələbələrin şəxsi vərəqələrini;

- dərs jurnallarını;

- doldurulmuş akademik arayış və diplom blanklarını;

- diplom blanklarının alınması, verilməsi və qeydiyyatı jurnallarını.

 2.7. “Təfəkkür” Universitetin fəaliyyəti dayandırılanadək zəruri əlaqələndirmə işlərini həyata keçirsin.

3. Bu əmrin 2-ci bəndində sadalanan tədbirlərin həyata keçirilməsi üçün İşçi qrupunun sədrinə qrupun fəaliyyətinə əlavə əməkdaşları cəlb etmək səlahiyyəti verilsin.

4. İnformasiya şöbəsi bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, “Təfəkkür” Universitetinə, İşçi qrupunun üzvlərinə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

Əsas: Aparat rəhbərinin müavini Y.Piriyevin xidməti məlumatı.

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

12 yanvar 2017-ci il

№16