“Sabahın alimləri” III Respublika Müsabiqəsinin yekunları haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin 15 aprel 2013-cü il tarixli, 559 nömrəli əmrinə, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Mədəd” Təşkilatının 29 dekabr 2013-cü il tarixli, 949 nömrəli birgə qərarına əsasən 2014-cü il 13-15 fevral tarixlərində Bakı şəhərində “Sabahın alimləri” III Respublika Müsabiqəsi keçirilmişdir. Müsabiqə İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin həmtəşkilatçıları və sponsorları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, “Mədəd” Təşkilatı və İntel korporasiyası olmuş, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti,  Qafqaz Universiteti və Naxçıvan Dövlət Universiteti tərəfindən isə müsabiqəyə elmi dəstək verilmişdir. Bu tədbirdə  Bakı, Sumqayıt, Naxçıvan və Mingəçevir şəhərlərində yerləşən 30 ümumi təhsil müəssisəsi iştirak etmişdir.
Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı on-line rejimində həyata keçirilmişdir. Qeydiyyatdan keçmiş 149 şagirddən 108 nəfəri (65 layihə) müsabiqəyə buraxılmışdır. Onlardan müsabiqədə 61 layihə ilə 102 şagird iştirak etmişdir. Bu layihələrdən  26-sı  fərdi, 35-i isə kollektiv işlənilən layihələr olmuşdur. Bakıda yerləşən məktəblərdən 35 layihə üzrə 60 şagird, Sumqayıt məktəblərindən 20 layihə üzrə 32 şagird, Naxcıvan məktəblərindən 4 layihə üzrə 7 şagird, Mingəçevir məktəblərindən isə 2 layihə üzrə 3 şagird müsabiqəyə buraxılmışdır.
Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti yaradılmışdır. Qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb və  sağlamlıq, ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilmişdir. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 42 layihə üzrə 74 şagird, o cümlədən I yerə 7 layihə üzrə 10 şagird, II yerə 14 layihə üzrə 23 şagird, III yerə 21 layihə üzrə 41 şagird layiq görülmüşdür. 
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal, pul mükafatları və hədiyyələr təqdim edilmiş, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları verilmişdir.
Qeyd olunanları nəzərə alaraq
 
 
ƏMR EDİRƏM:
 
1. 13-15 fevral 2014-cü il tarixlərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilmiş “Sabahın alimləri” III Respublika Müsabiqəsinin Münsiflər heyəti tərəfindən seçilən qaliblərin siyahısı elan edilsin (əlavə olunur).
2. Nəzərə alınsın ki, cari ilin may ayında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində layihə ilə iştirak etmək üçün Münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri arasından aşağıda adları göstərilən şagirdlər seçilmişdir:
- Muradov Cəmil Həbibulla oğlu, Mursaqulova Mədinə Rüfət qızı, Cümşüdlü Lalə Cabir qızı, Bakı Avropa Liseyinin XI sinif şagirdləri – bir layihə üzrə;     
- Abuzərov Ayaz Azər oğlu, Bakı Dövlət Universitetinin Gənc İstedadlar Liseyinin  X sinif şagirdi – bir layihə üzrə;
- Allahverdiyeva Nərgiz Vidadi qızı, İmranov Cəmil Şahmar oğlu, Bakı ş. 16 nömrəli Texniki Humanitar Liseyinin  müvafiq olaraq, XI sinif və X sinif şagirdləri – bir layihə üzrə;
- Məmmədov Cingiz Natiq oğlu, Sumqayıt ş. 23 nömrəli tam orta məktəbin X sinif şagirdi - müşahidəçi qismində.
3. Nəzərə alınsın ki, şagirdlərin yol xərcləri “İntel Fondation” Fondu  tərəfindən “Mədəd” təşkilatına ayrılan qrant hesabına ödəniləcəkdir.
4. Elm və ali təhsil şöbəsinin müdiri, “Sabahın alimləri” III Respublika müsabiqəsinin direktoru G.Hüseynovaya tapşırılsın:
4.1. İntel İSEF-ə göndərilən şagirdlərin layihələrinin ingilis dilində hazırlanmasına nəzarət etsin;
4.2. Şagirdləri ABŞ-da müşayiət edəcək nümayəndə heyətinin tərkibi barədə təkliflərini Nazirliyin rəhbərliyinə 15 gün ərzində təqdim etsin;
4.3. İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini və eləcə də çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
Əsas: TN-nin 15 aprel 2013-cü il tarixli, 559 nömrəli əmri, Münsiflərin qiymətləndirmə kartları, Elm və ali təhsil şöbəsinin müdiri G.Hüseynovanın təqdimatı.
 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
3 mart 2014-cü il 
№268

 
Əlavə: