“Sabahın alimləri” II Respublika müsabiqəsinin yekunları haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının 11 sentyabr 2012-ci il tarixli, 1472 nömrəli birgə qərarına, habelə Azərbaycan Respublikası təhsil nazirinin 12 sentyabr 2012-ci il tarixli, 1476 nömrəli əmrinə əsasən 2013-cü il 8-9 fevral tarixlərində Bakı şəhərində “Sabahın alimləri” II Respublika Müsabiqəsi keçirilmişdir. Müsabiqə İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin həmtəşkilatçıları və sponsorları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Mədəd” Təşkilatı və İntel korporasiyası olmuş, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Qafqaz Universiteti tərəfindən isə müsabiqəyə elmi dəstək verilmişdir. Bu tədbirdə  Bakı və Sumqayıt şəhərlərinin  31 ümumi təhsil müəssisəsi iştirak etmişdir.
Şagirdlərin müsabiqəyə və İntel İSEF-ə daha səmərəli hazırlığını təşkil etmək məqsədi ilə cari ilin yanvar-fevral aylarında “Sabahın alimləri” Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən seçilən  28 şagird Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrilə Doğu Akdeniz Universiteti tərəfindən keçirilən treninqlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına ezam edilmiş və  həmin Universitetdə Azərbaycan məktəbliləri üçün layihələrin hazırlanmasına və təqdim edilməsinə dair xüsusi treninqlər təşkil olunmuşdur.
Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı “on-line” rejimində aparılmışdır. Müsabiqəyə 80-dən artıq elmi layihə daxil olmuş, 160 şagird qeydiyyatdan keçmişdir. Bütün layihələrin annotasiyalarına müsabiqənin Elmi Ekspertiza Komitəsi tərəfindən baxılmış və müsabiqənin tələblərinə uyğun gələn 73 layihə müsabiqəyə buraxılmışdır. Ötən ilə nisbətən layihələrin sayı  47-dən 73-ə  qədər artmışdır.
Müsabiqədə 73 layihə ilə 116 şagird iştirak etmişdir. Bu layihələrdən  32-si  fərdi, 41-i isə kollektiv işlənilən layihələr olmuşdur. Bakıda yerləşən məktəblərdən 42 layihə üzrə 67 şagird, Sumqayıt məktəblərindən isə 31 layihə üzrə 49 şagird müsabiqəyə buraxılmışdır.
Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə respublikanın tanınmış alimlərindən ibarət Münsiflər heyəti yaradılmışdır. Münsiflər heyəti 8 kateqoriya (riyaziyyat, fizika, kimya, biologiya, tibb və  sağlamlıq, ekologiya, mühəndislik, kompyuter elmləri) üzrə şagird layihələrinin qiymətləndirilməsini həyata keçirmişdir. Münsiflər heyətinin qərarına görə müxtəlif nominasiyalar üzrə I, II və III yerlərə 39 layihə üzrə 64 şagird, o cümlədən I yerə 7 layihə üzrə 13 şagird, II yerə 14 layihə üzrə 22 şagird, III yerə 18 layihə üzrə 29 şagird layiq görülmüşdür. 
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal, pul mükafatları və hədiyyələr təqdim edilmiş, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları verilmişdir.
Qeyd olunanları nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. 8-9 fevral 2013-cü il tarixlərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilmiş “Sabahın alimləri” II Respublika Müsabiqəsinin Münsiflər heyəti tərəfindən seçilən qaliblərin siyahısı elan edilsin (əlavə olunur).
2. Nəzərə alınsın ki, 12-17 may 2013-cü il  tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək üçün Münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri arasından aşağıda adları göstərilən şagirdlər seçilmişdir:
- Nurdil Nuru Rauf oğlu, Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi;
- Hacıyev Mustafa Polad oğlu, Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin X sinif şagirdi;
- Tağıyeva Vəfa Aqil qızı, Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi;
- Baxşıyev Suad Fuad oğlu, Akademik Z.Əliyeva adına liseyin X sinif şagirdi;
- Əliyev Elnur Fəxrəddin oğlu, Akademik Z.Əliyeva adına liseyin X sinif şagirdi.
3. Nəzərə alınsın ki, şagirdlərin yol xərcləri “İntel Fondation” təşkilatı  tərəfindən ayrılan qrant hesabına ödəniləcəkdir.
4. Elm şöbəsinin müdiri, “Sabahın alimləri” Respublika müsabiqəsinin direktoru G.Hüseynovaya tapşırılsın:
4.1. İntel İSEF-ə göndərilən şagirdlərin layihələrinin ingilis dilində hazırlanmasına nəzarət etsin;
4.2. Şagirdləri ABŞ-da müşayiət edəcək nümayəndə heyətinin tərkibi barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim etsin;
4.3. İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.
5. Beynəlxalq əlaqələr şöbəsi (T.Əliyeva) İntel İSEF-də iştirak edəcək şagirdlərin xarici ölkəyə göndərilməsi  üçün müvafiq sənədlərin hazırlanması ilə bağlı tədbirlərin görülməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məlumat-informasiya məcmuəsində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb aidiyyatı müəssisələrə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: TN-nin 12.09.2012-ci il tarixli,1476 nömrəli əmri, Münsiflər heyətinin iclaslarının protokolları, Elm şöbəsinin müdiri G.Hüseynovanın təqdimatı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 fevral 2013-cü il
№ 275

 
Əlavə: