“Sabahın alimləri” II Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ABŞ) göndərilməsini təmin etmək məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1.  2013-ci il 8-9 fevral tarixlərində Bakı şəhərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” II Respublika Müsabiqəsi keçirilsin.
2. Nəzərə alınsın ki, “Sabahın alimləri” II Respublika Müsabiqəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir.
3. Ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılsın:
3.1. Kiçik Akademiyaların fəaliyyətini gücləndirmək istiqamətində konkret tədbirlər görülsün;
3.2. Ali təhsil müəssisələrinin alimləri ilə əlaqələrin möhkəmlənməsi təmin edilsin;
3.3. Bir ay müddətində şagirdlərin tədqiqat mövzularının və elmi rəhbərlərinin müəyyənləşdirilməsini və Sabahinalimleri.edu.az saytında on-line rejimində qeydiyyatdan keçirilməsi təmin edilsin.
4. Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universiteti (A.Məhərrəmov), Sumqayıt Dövlət Universiteti (N.Qəhrəmanov) və Qafqaz Universitetinə (Ahmet Sanıç) tövsiyə edilsin.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva) və Sumqayıt Şəhər Təhsil Şöbəsinə (V.Bağırov) müsabiqənin təşkili ilə bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsi tapşırılsın.
6. Təhsil Nazirliyi Elm şöbəsinin müdiri, Müsabiqənin direktoru G.Hüseynovaya tapşırılsın:
6.1. Müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin;
6.2. Müsabiqənin Təlim Akademiyasının təşkili və treninqlərin keçirilməsini təmin etsin;
6.3. Müsabiqənin Elmi Ekspertiza Komitəsini və Münsiflər Heyətinin tərkibi haqqında təkliflər hazırlayıb təsdiqə təqdim etsin.
6.4. Əmrin “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
7. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (S.Məmmədov) müsabiqəyə texniki dəstək verilməsi (müvafiq elektron xidmətlərin göstərilməsi) tapşırılsın.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
9. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Elm şöbəsinin müdiri G.Hüseynovanın təqdimatı.
 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 sentyabr 2012-ci il
№ 1476