Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

”Azərbaycan Respublikası Prezidentinin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin  keçirilməsi haqqında” 14 noyabr 2017-ci il tarixli 3384 nömrəli Sərəncamının 2-ci hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2018-ci il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, ali təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə cari və növbəti il dekabrın 10-dək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. Bakı Dövlət Universiteti (A.Məhərrəmov) yubiley tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı Universitetdə Təşkilat Komitəsinin yaradılmasını, aidiyyəti icraçı qurumlarla birlikdə tədbirlərin icrasını təmin etsin, icra vəziyyəti barədə mütəmadi olaraq Təhsil Nazirliyinə məlumat versin.

4. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) Tədbirlər Planının icrası ilə bağlı məsələlərin əlaqələndirilməsi və hesabatların ümumiləşdirilməsi ilə bağlı məsələləri həll etsin.

5. İnformasiya şöbəsi (E.Məmmədov)  əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Əsas: “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin  keçirilməsi haqqında” “Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2017-ci il tarixli 3384 nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2018-ci il tarixli 354 s nömrəli  Sərəncamları.

 

 Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

14 iyun 2018-ci il

№F-442


 

Bakı Dövlət Universitetinin 100 illik yubileyinin  keçirilməsi ilə bağlı  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı