Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 

 

QƏRARA ALIRAM:

 

1. Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncamın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti öz fəaliyyətlərini davam etdirsinlər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2017-ci il.