Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" və "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədi ilə
 
QƏRARA ALIRAM:

1. Məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri üçün 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. İlk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmiri üçün 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 15 sentyabr 2010-cu il.