Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, məktəbəqədər yaşlı uşaqların ümumi təhsil prosesinə hazırlığının təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA  ALIR:

 

1. Dövlət ümumtəhsil məktəblərində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılsın və bununla bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi hər il Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

2.1. 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinin təşkilində məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, mövcud təhsil və digər sosial-mədəni obyektlərin infrastrukturundan, dövlət ümumtəhsil məktəblərinin pedaqoji kadr potensialından istifadə etsin;

2.2. əlavə olunmuş cədvələ əsasən, 2016-2017-ci dərs ilindən başlayaraq ayrılmış büdcə vəsaiti çərçivəsində 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılmasının təmin edilməsi üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə zəruri təşkilati-pedaqoji tədbirləri həyata keçirsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq təhsilinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 iyul 2016-cı il

№ 271

 

 2016/2017-2019/2020-ci tədris illərində uşaqların məktəbəhazırlığa cəlb edilməsi üzrə Proqnoz