Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Dərslik müəlliflərinin hüquqlarının qorunmasını və müasir tələblərə cavab verən dərsliklərin hazırlanması üçün onların yaradıcılığa həvəsləndirilməsini, eyni zamanda dərslik yazılması fəaliyyətinin təşviqini təmin etmək məqsədi ilə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununu və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. İqtisadiyyat şöbəsi (R.Orucov) dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin müvafiq hesabına daxil olan vəsaitin 50%-nin həmin dərslik müəlliflərinə ödənilməsini təmin etsin.
2. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) əldə edilən gəlirin digər hissəsinin dərsliklərin yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması ilə bağlı təkliflər hazırlayıb təqdim etsin.
3. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilsin.
Əsas: Təhsil nazirinin müavini C.Bayramovun 10 dekabr 2013-cü il tarixli təqdimatı.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
23 dekabr 2013-cü il
№926