Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı və paylanması qaydaları

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
02.10.2006-cı il tarixli, 716 nömrəli əmri ilə
 təsdiq edilmişdir.
 
 
1. Ümumi müddəalar
 
1.1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2004-cü il tarixli 56s nömrəli sərəncamına əsasən hazırlanmışdır və ümümtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı və paylanmasını tənzimləyir.
 
2. Dərsliklərin nəşri və çapı
 
2.1. Dərsliklərin dövlət vəsaitləri hesabına nəşr və çap olunması «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
2.2. İlk dəfə çap olunan dərsliklərin birinci il ümumi tələbatın 105 faizi, sonrakı 3 ildə hər il 15 faizi çap olunur.
2.3 .I sinifin «Əlifba» dərsliyi hər il tələbata uyğun «Gürcüstan və Dağıstanda təhsili Azərbaycan dilində aparan dövlət ümumtəhsil məktəbləri və MDB ölkələrindəki «Bazar günü» məktəbləri də nəzərə alınmaqla) çap olunur və tədris ilinin sonunda şagirdlərə hədiyyə edilir. (özəl təhsil məktəbləri istisna olmaqla)
2.4. Fənn proqramlarının dəyişdirilməsi ilə bağlı hər bir sinif və fənn üzrə yeni dərsliklərin çapı onların birinci il nəşri sayılır.
2.5. Zəruri hallarda, ayrı-ayrı dərsliklərin, o cümlədən həftədə daha az dərs saatı olan fənlər üzrə dərsliklərin əlavə çap faizi dəyişdirilə bilər.
2.6. Çap olunacaq dərsliklərin siyahısı və tirajı Təhsil Nazirliyi tərəfindən bir il əvvəl tələbata uyğun hazırlanıb təsdiq edilir.
 
3. Dərsliklərin paylanması
 
3.1. Dərsliklərin yerlərə çatdırılması dövlət vəsaiti hesabına həyata keçirilir.
3.2. Çap edilən dərsliklər nəşriyyatlar tərəfindən bir qayda olaraq Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilir və təsdiq olunmuş bölgü əsasında buradan rayon (şəhər) təhsil şöbələrinə çatdırılır.
3.3. Rayon təhsil şöbələri həmin kitabları şagirdlərə təqdim etmək üçün orta təhsil məktəblərinə (özəl təhsil məktəbləri istisna olmaqla) göndərir.
3.4. Ümumtəhsil məktəblərində şagirdlərin istifadəsinə pulsuz verilən dərsliklərin uçotu əsasında dərslik fondları barədə məlumat rayon (əşhər) təhsil şöbələri tərəfindən ümumiləşdirilir və müvafiq forma əsasında Nazirliyə hesabat təqdim olunur.